news-8

Sosial şəbəkələrdə paylaşılan haqqınızdakı böhtan və təhqirdən şikayət edə bilərsinizmi ?

Sosial şəbəkələrdə paylaşılan haqqınızdakı böhtan və təhqirdən şikayət edə bilərsinizmi ? Bəli, sosial şəbəkələrdə etdikləri təhqir və böhtana görə şəxslər Azərbaycan qanunvericiliyinə görə cinayət məsuliyyəti daşıyırlar.  - Böhtan cinayəti nədir? Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında – yəni konkret halda sosial şəbəkələrdə yayımlanması başa düşülür. Əməlin böhtan hesab edilməsi üçün 3 hal mövcud olmalıdır: 1) Məlumatın hər hansı şəxsin şərəfini, ləyaqətini ləkələməsi və ya onun nüfuzunu aşağı salması; 2) Həmin məlumatların doğru olmaması; 3) Bu xüsusiyyətlərə malik məlumatın yayımlanması. Yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqəyini ləkəyən, onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayma dedikdə məlumatın kütləvi nümayiş etdirilməsi başa düşülür. Başqa sözlə, məlumatın internet informasiya ehtiyatında yayılması o halda cinayət məsuliyyət yaradır ki, həmin məlumat kütləvi nümayiş etdirilmiş olsun. Məlumatın kütləvi nümayiş etdirilməsi isə həmin məlumatın internet saytlarında, portallarında sosial şəbəkələrdə (facebook, twitter və s.) yerləşdirilməsi, elektron poçt ünvanlarına göndərəilməsi və s. başa düşülür. Məlumatların internet informasiya ehtiyatında, onların həm videosunun nümayiş etdirilməsi, həm də məlumatın yazı formasında olan mətninin görüntüsünün təqdim edilməsi başa düşülür. Məlumatların internet informasiya ehtiyatında kütləviliyi dedikdə, belə məlumatların ən azı üç nəfər kənar şəxsin tanış olmasını nəzərdə tutur. Bu sayda şəxsin həmin məlumatla tanış olduğu andan cinayət başa çatmış hesab edilir. Məlumatın dili yanlız məlumatın paylaşıldığı şəxslərin məlumatın təqdim edildiyi dili başa düşməsindən asılı olur.  Böhtan cinayətinə görə şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılıra bilər. - Təhqir cinayəti nədir? Təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin – dostlarının, tanışlarının və s. gözündə nüfuzdan salan hərəkətlər başa düşülür. Bu hərəkətlər müxtəlif formada həyata keçrilə bilər: yazılı, şifahi, bədən hərəkətləri, yamsılama və s. ilə. Şəxsiyyətin şərəf və ləyaqətini alçaldan hərəkətlər konkret şəxsə və ya şəxslərə qarşı yönəlməlidir. Əgər təhqirin konkret ünvanı yoxdursa bu əməl cinayət məsuliyyətinə səbəb olmur.  Təhqiredici sözlərin və ya hərəkətlərin həqiqətə uyğun olub olmamasından aslı olmayaraq əməl cinayət hesab edilir. Təhqir cinayətinə görə şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. - Saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə cinayət məsuliyyətinə səbəb olurmu? İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə də cinayət məsuliyyətinə səbəb olur. Burada “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.  Bu əməli törətməyə görə şəxslər min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər. Təhqir və böhtan cinayətinə görə cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında başladılır və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Buna görə də siz bu tip cinayətlərdən rayon (şəhər) Məhkəmələrinə ərizə ilə müraciət edərək, həmin şəxs və ya şəxslər haqqında cinayət təqibini başlada bilərsiniz. Toxum hüquqşünası Mirhüseyn Həbibli.


  TOP
Layihəyə dəstək ol