news-8

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (İcbari avtomobil sığortası) nə üçün lazımdır?

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (İcbari avtomobil sığortası) nə üçün lazımdır? Avtomobil idarə edən zaman hər bir kəs üçüncü şəxsin əmlakına və ya sağlamlığına zərər vurulması təhlükəsi ilə üzləşə bilər. Bu zaman hadisənin törədilməsində təqsirli bilindiyiniz halda qarşı tərəfə vurulan zərərin əvəzini ödəməli olacaqsınız. İcbari avtomobil sığortasının mövcudluğu Sizi bu öhdəlikdən azad edir. İcbari avtomobil sığorta müqaviləsini elektron formada bağlamaq mümkündür. Bəs elektron sığorta müqaviləsi nədir? “Elektron imza və elektron sənəd haqqında “ Azərbaycan Respublikasının Qanununa əsasən elektron sığorta müqaviləsi sığortaçının elektron imzası ilə təsdiq edilən və texniki və proqram vasitələrinin köməyi ilə yaradılan, saxlanılan, emal edilən, ötürülən, qəbul edilən sığorta müqaviləsidir. Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasının üstünlükləri nədən ibarətdir? İcbari Sığortalar haqqında Azərbaycan Respublikasının Qanununa əsasən icbari sığorta müqaviləsi yalnız informasiya sistemi vasitəsilə bağlandığı və bu sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Məlum olduğu kimi bəzi hallarda sığorta vasitəçiləri tərəfindən vətəndaşlara təqdim edilən şəhadətnamə blankları sistemə vaxtında daxil edilmir və ya ümumiyyətlə sistemə daxil edilmədən sığortalıya təqdim edilir. Nəticədə sığorta hadisəsi baş verdiyi halda sığortalı və sığortaçı arasında narazılıq yaranır. Yeni sistemə keçiddən sonra sığortalının mobil nömrəsinə müqavilənin etibarlılığı ilə bağlı Büronun 9707 qısa nömrəsindən sığorta haqqının ödənilməsi və sığorta müqaviləsinin qüvvəyə minməsi haqqında təsdiqləyici SMS daxil olacaqdır.

Bildiyiniz kimi, hazırda bəzi hallarda sığorta bazarında avtomobilin icbari sığorta müqavilələri sığortalılara xəbər edilmədən bağlanılır və daha sonra sığorta haqqının ödənilməsi üçün sığortalılara zəng edilir və onları narahat edirlər. Sığorta müqaviləsinin elektron qaydada bağlanılmasına keçiddən sonra sığorta haqqının ödənilməsi barədə sistemə məlumat avtomatik olaraq ötürüləcəkdir. Sığorta müqaviləsi yalnız sığorta haqqı ödənildikdən sonra qüvvəyə minəcək və nəticədə sığortalı sığorta haqqını seçdiyi sığortaçının hesabına köçürəcəkdir.


  TOP
Layihəyə dəstək ol