news-8

İddia Müddətləri

Bəzən vətəndaşlar iddia müddətləri haqqında məlumatsız olduqları üçün müddət ötürür və onların pozulmuş hüquqları müdafiəsiz qalır.Ona görə də, məsələnin aktuallığını nəzərə alıb bu barədə sizə ətraflı məlumat vermək istəyirik.  İddia müddəti nədir?  Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün müəyyən olunmuş müddətə iddia müddəti deyilir. İddia müddətlərinin bir neçə növü fərqləndirilir: 1) Ümumi iddia müddəti-10 il,  2) Müqavilə tələbləri üzrə iddia müddəti- 3 il,  3) Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti- 6 il, 4) Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti- 3 il,  5) Xüsusi iddia müddətləri. Bunlarla yanaşı, ən çox yaşanan problemlərdən biri də məhkəmə qərarlarından şikayətlə bağlı tətbiq edilən iddia müddətləridir. Birinci instansiya məhkəməsinin qərardadından şikayət qərardad rəsmi qaydada verildiyi gündən 10 gün, Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay, Kassasiya şikayəti qətnamə işdə olan şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay, qərardadla bağlı şikayət isə eyni qaydada, ancaq 10 gün müddətində verilə bilər.  İndi isə gələk iddia müddətinin başlanması,dayandırılmasına. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.  Bəzən elə hallar olur ki, iddiaçı özündən asılı olmayaraq qanunla müəyyən edilmiş müddətdə iddia verə bilmir. Belə hallarda iddia müddətinin dayandırılması müəyyən edilmişdir. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 1.iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 2.iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 3.müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 4.fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 5.müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Bəs iddia müddətinin keçməsi bütün hallarda iddiaçının hüquqlarının müdafiəsinini itirilməsinə səbəb olurmu?  AR Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən İddia müddətinin bərpası mümkündür. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Bütün bunlarla yanaşı, iddia müddətinin şamil edilmədiyi tələblər mövcuddur ki, onlara aidddir:  1) şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər;  2) əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri; fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir;  3) mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 4) dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri.


  TOP
Layihəyə dəstək ol