news-8

Uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmaq hüququ

Günümüzdə olan problemli məsələlərdən biri də uşağın öz valideynləri və başqa qohumları ilə  ünsiyyətdə olmaq hüququ ilə bağlıdır. Valideynlər arasında hər hansı problem yarandıqda və ya onlar ayrı yaşadıqda bəzən ana və ya ata uşağı qarşı tərəfə göstərmək niyyətində olmur. Ancaq Ailə qanunvericiliyinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Onu da qeyd etməliyik ki, valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması və ya onların ayrı dövlətlərdə yaşaması uşağın hüquqlarına təsir etmir. 

Uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydası hansı hallara aid edilir?

Qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır.Qanuni maraqlarına zidd olan hallar istisna olunmaqla 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşağın fikri mütləq nəzərə alınmalıdır. 

 Valideynlərdən biri bu hüququna müdaxilə etdikdə nə etməli?

Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 

 Bəs uşaqla ünsiyyətdə olmaq hüququ onun sağlamlığına zərər vurduqda məsələ necə tənzimlənir? 

Uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər


  TOP
Layihəyə dəstək ol