Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi zamanı, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməlidir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malik olur. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Yalnız aşağıdakı hallarda işçinin ərizəsində göstərdiyi gündə əmək müqaviləsi ləğv edilə bilər: - İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda; - Təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda; - Yeni yaşayış yerinə köçdükdə; - Başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda; - Seksual qısnamaya məruz qaldıqda; - Qanunvericilikdə nəzərdə tutulmuş digər hallar. Əmək müqaviləsini ləğv etmək üçün ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənə qədər istədiyi vaxt ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermək hüququna malikdir. Bu hal baş verdikdə əmək müqaviləsi ləğv edilə bilməz. Bir şərtlə ki, işəgötürən əvvəlcədən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əks halda işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi olmayacaqdır. İşçi öz ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bundan başqa işçi məzuniyyət hüququndan istifadə edərək ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə də işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər (yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq edilmədiyi təqdirdə). Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qanunla qadağandır və işəgötürən buna görə məsuliyyət daşıyır. Mənbə: AR Əmək Məcəlləsi - maddə.69