Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
Müəsissədə işçilərin sayı azaldıldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən əvvəl, işçi bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
- 1 ilədək əmək stajı olduqda – azı 2 təqvim həftəsi;
- 1 ildən 5 ilədək əmək stajı olduqda – azı 4 təqvim həftəsi;
- 1 ildən 10 ilədək əmək stajı olduqda – azı 6 təqvim həftəsi;
- 10 ildən çox əmək stajı olduqda – azı 9 təqvim həftəsi.
Xəbərdarlıq müddətində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilməlidir. Əmək müqaviləsi müəssisənin ləğv edilməsi və işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsasları ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən işdənçıxarma müavinəti ödənilir. İşdənçıxarma müavinətləri həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı nisbətdə dəyişir:
- 1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
- 1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
- 1 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
- 10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
İşəgötürən işçinin razılığı ilə azı 2 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 mislini, azı 4 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 mislini, azı 6 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 mislini, azı 9 təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və Əmək Məcəlləsinin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müəssisənin ləğv edilməsi və işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılmaqdadır.
Əmək müqaviləsinə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, işçinin hərbi və ya alternativ xidmətə çağırılması və ya əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi əsasları ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəməlidir.
İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə müəssisənin mülkiyyətçisinin dəyişməsinə görə xitam verildikdə isə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyir.
Bununla yanaşı əmək müqaviləsində və ya kollektiv müqavilələrdə yuxarıda sözügedən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən işəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisələrdə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri yeni peşə hazırlığına cəlb etməlidirlər.
Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati- hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.
Mənbə: AR Əmək Məcəlləsi - maddə.77