“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür.
İstehlakçı aşağıdakı hüquqlara malikdir:
-malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;
-istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
-malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
-malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;
-qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;
-öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;
-ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.