Cəmiyyətimizdə ən çox baş verən problemlərdən biri də Məişət zorakılığıdır. Məişət zorakılığı deyildikdə bir şəxsin digər şəxsə qarşı məişət zəmnində psixoloji, iqtisadi, cinsi və fiziki zor tətbiq etməklə onu nəzarət altında saxlanması başa düşülür. Lakin bu zorakılıq cinayət tərkibini özündə ehtiva etməyən dərəcədə olmalıdır. Buna görə də məişət zorakılığı üzrə əsas hüquqi sənəd Məişət zorakılığının qarşısının alınması haqqında qanundur. Bu qanunda zorakılığın qarşısının alınması üçün hüquqi vasitələr göstərilmişdir ki, bunlardan biri də Mühafizə orderidir. Mühafizə orderinin qısa müddətli və uzun müddətli olaraq 2 növü vardır. Mühafizə orderi zərər çəkmiş şəxsi zorakılıq törədən şəxsdən qoruyur və bir daha belə halın baş verməməsini təmin edir.
Məişət zorakılığına məruz qalmış şəxs yenə bu cür halların baş verməməsi üçün yaşadığı yəni faktiki olduğu yer üzrə İcra hakimiyyətinə müraciət edərək qısa müddətli orderin verilməsini tələb edə bilər. Müraciət verildiyi andan 24 saat ərzində bu hadisə araşdırmalı və zərərçəkmiş şəxsə qısa müddətli mühafizə orderi verilməlidir. Qısa müddətli mühafizə orderi yerli icra hakimiyyəti tərəfindən 30 gün müddətinə qədər verilir. Bu müddətdə məişət zorakılığı törətmiş şəxs mühafizə orderində təsbit olunan qaydalara riayət etməlidir. Qısa müddətli mühafizə orderində zorakılıq törədən şəxsdən əsas olaraq Məişət zorakılığının təkrar törətmək, zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda, həmin şəxsin axtarmaq və zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan olunur. Qısa müddətli order icra haqqında qanuna görə icra sənədlərinə aiddir və məcburi icra olunmaıdır. İcra olunmadığı təqdirdə məişət zorakılığını törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilir.
Məişət zorakılığını törətmiş şəxs əgər xəbərdarlıq və qısa müddətli mühafizə orderi ilə qadağan olunmuş hərəkətləri yenidən törətdiyi təqdirdə bu zaman bu uzun müddətli mühafizə orderinin verilməsinə əsas olur. Bunun üçün zərərçəkmiş şəxs və ya yerli icra hakimiyyəti orqanı uzun müddətli orderin verilməsi üçün məhkəməyə müraciət etməlidir. Uzun müddətli order 30 gündən 180 günədək məhkəmə qətnaməsi ilə verilir və qətnamənin icra olunmaması birinci inzibati məsuliyyət daha sonra cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə məhkəmə qətnaməsinin icra edilməməsinə görə zorakılıq törətmiş şəxs 3 ilədək azadlıqdan məhrum etmə üzrə cinayət məsuliyyətinə cəlb olunur. Mülki Prosesual Məcəlləyə əsasən Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərər çəkmiş şəxsin yaşadığı yəni olduğu yer üzrə verilir.
Qısa müddətli mühafizə orderində təsbit olunan məhdudiyyətlərdən əlavə uzun müddətli mühafizə orderində məhkəmədən zorakılıq törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları və yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydaları məhdudlaşdırılmağı bundan əlavə “zərər çəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin ödənilməsi şərtləri tələb oluna bilinər. Son olaraq əziz izləyicilər Məişət zorakılığına məruz qalmış şəxslər nazirlər kabinetinin müvafiq qərarı ilə pulsuz olaraq vəkil yardımı ilə təmin olunmalıdırlıar.
Amil Zeynalov